Martın 3-də Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Yevlax şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə səyyar qəbul keçirdi. Səyyar qəbul-görüşdə Şahmar Usubovla birgə, Xocalı rayon prokuroru Əvəz Əliyev, rayon icra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev və sakinlər iştirak etdilər. Sakinlərin müraciəti əsasən ayrı təsərrüfat kimi qeydiyyata alınma, maddi yardım, müalicə olunmaq üçün köməklik, sosial yardım almağa köməklik, işlə, mənzillə təminat və digər məsələlər barədə oldu. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi. İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapdı.